“Xüsusi Texnologiya Mərkəzi” (XTM) kəşfiyyat üçün aparıcı “Orlan” pilotsuz uçuş sistemlərinin istehsal gücünü genişləndirib.
Herbiand.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi 20-23 aprel tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Defense Services Asia Beynəlxalq silah və hərbi texnika sərgisində bildirib.
“XTM istehsal gücünü genişləndirməyi bacarıb və artıq “Orlan” dronlarını xarici ölkələrə çatdırmaq üçün gücümüz çatacaq. Təbii ki, bu qərarı sifarişçimiz “Rosoboroneksport” verir. Əgər bütün daxili müqavilələr yerinə yetirilərsə, onda cihazları ixrac etmək imkanı var”, - agentliyin mənbəyi deyib.
Daha əvvəl məlumat verilmişdi ki, Rusiya “Orlan” dronlarını 20-dən çox ölkəyə tədarük edir.
“Orlan-10” çətin olan ərazilərdə genişləndirilmiş və lokallaşdırılmış obyektlərin müşahidəsi üçün hazırlanmış Rusiyanın çoxfunksiyalı pilotsuz uçuş sistemidir. Baza stansiyasından və bir neçə PUA-dan ibarətdir. UAZ və ya “Rıs” avtomobillərində daşınır.
Aparatın çəkisi 10 kq-dır. Katapultla buraxılış sistemi ilə təchiz olunub. 120 km-ə qədər məsafəyə video siqnal ötürə bilir və 10 saatdan çox uçuşda qalır. “Orlan-10” mobil rabitəni pozmaq üçün elektron müharibə sistemləri ilə təchiz olunub.
Bəxtiyar CƏFƏRLİ