Bu gün müasir tariximizdə əlamətdar günlərdən biridir. 1945-ci ilin 2 sentyabrında Yaponiya Tokio körfəzində ABŞ-ın “USS Missouri” döyüş gəmisində qeyd-şərtsiz təslim aktını imzaladı və bəşər tarixinin ən qanlı müharibəsi rəsmən başa çatdı.
1939-cu ildə başlayan İkinci Dünya müharibəsi altı il ərzində Avropa, Asiya, Afrika və Sakit okean bölgəsini əhatə edərək on milyonlarla insanın ölümünə, yüzlərlə şəhərin dağıdılmasına və dünya siyasi xəritəsinin dəyişməsinə səbəb oldu. Müharibənin sonunda faşizm üzərində qələbə beynəlxalq münasibətlərdə yeni mərhələnin əsasını qoydu, BMT-nin yaradılması və kollektiv təhlükəsizlik ideyasının formalaşması üçün zəmin yarandı.
Tarixçilərin fikrincə, 2 sentyabr təkcə hərbi qələbənin deyil, həm də sülhün hüquqi təsdiq olunduğu tarixdir. Bu gün bir çox ölkələrdə müharibə qurbanlarının xatirəsi yad edilir, gələcək nəsillərə müharibənin ağır nəticələri barədə mesaj verilir. Çox təəssüf ki, bu müharibənin nəticəsini o dövrdə Azərbaycan xalqı da çəkdi. O dövrdə sovet rejmi tərkibində olan xalqımız 2 ci dünya müharibəsində cəbhəyə 600 mindən çox əsgər göndərib. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub.
Bu gün 2-ci dünya müharibəsindən sorna qurulmuş yeni dünyada yaşayırıq. Müharibə insanlığı hansı dərsləri yaşatdı?
Herbiand.az -a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, 1945-ci ildə beynəlxalq güc balansı tamamilə dəyişdi. Ümumilikdə ən böyük dəyişiklik güc mərkəzlərinin yerinin dəyişməsi oldu.

“Çünki dünya müharibələri adətən qlobal güclərin düzənini yenidən formalaşdırır.
İngiltərə və Fransa kimi böyük kolonial dövlətlər zəiflədi, onların yerinə isə iki supergüc – ABŞ və SSRİ yüksəldi. XX əsrin 40-cı illərinin sonlarından 60-cı illərə qədər müstəmləkə imperiyaları dağılmağa başladı, Afrika və Asiyada yüzə yaxın yeni müstəqil dövlət yarandı. Bu dövr kolonializmin süqutu kimi tarixə düşdü. Bunun ardınca dünyada ideoloji qarşıdurma başladı. Soyuq müharibə kapitalist və sosialist qütblərini formalaşdırdı, dünya Qərb və Şərq bloklarına bölündü və bu qarşıdurma 1980-ci illərə qədər davam etdi. Avropanın siyasi xəritəsi də yenidən çəkildi. Almaniya əvvəlcə dörd işğal zonasına bölündü. Daha sonra SSRİ Şərqi Almaniyada və digər Şərqi Avropa ölkələrində sosialist dövlətləri quraraq Avropaya doğru təsir dairəsini genişləndirdi”-deyə, o, bildirib.
Siyasi şəhrçi hesab edir ki, müharibə həm də nüvə dövrünün başlanğıcı ilə yadda qaldı: “ABŞ-ın Yaponiyaya atom bombası atması dünyada hərbi strategiyalara baxışı tamamilə dəyişdirdi.
Nəhayət, Potsdam sisteminin məntiqi nəticəsi kimi yeni dünya nizamı formalaşdı. Millətlər Liqasının uğursuzluğundan sonra BMT yaradıldı və məqsəd gələcək qlobal münaqişələrin qarşısını almaq idi. Həmin dövrdə müharibə cinayətkarlarının cəzalandırılması da mühüm proseslərdən biri oldu. Lakin bu gün, 80 il sonra, BMT əvvəlki təsir gücünü xeyli itirmiş bir qurum kimi qiymətləndirilir”.
Yunis İsrəfilov