Finlandiyanın Sisu GTP 4x4 zirehli maşınları Ukrayna xüsusi əməliyyat qüvvələrinin silahlanmasına daxil olub, baxmayaraq ki, onların təhvil verilməsi əvvəllər rəsmi olaraq elan edilməyib.
Herbiand.az bildirir ki, bu barədə hərbi tarixçi Andriy Haruk məlumat verib.
Ukraynanın "Military" nəşrinin məlumatına görə, zirehli maşınların üçüncü ölkələr, xüsusən də əvvəllər Sisu GTP texnikasının böyük partiyasını sifariş edən İsveç vasitəsilə çatdırılması mümkündür. Döyüş maşınlarının dəqiq sayı məlum deyil. Müdafiə Qüvvələrinin digər bölmələri tərəfindən istifadəsinə dair də təsdiq yoxdur.
Sisu GTP 4×4 - bir neçə hissədən ibarət modul, çərçivə əsaslı platformadır və nəqliyyat vasitəsinin qoşun daşınmasından tutmuş ixtisaslaşmış həllərə qədər müxtəlif missiyalara uyğunlaşdırılmasına imkan verir. Konfiqurasiyadan asılı olaraq 10 nəfərə qədər daşıya bilər və ya yük platforması ilə nəqliyyat platforması kimi istifadə edilə bilər.
Nəqliyyat vasitəsi mina və zireh mühafizəsi ilə təchiz olunub. Ümumi çəkisi 16,5 ton, faydalı yük tutumu isə 5 tona qədərdir. Maksimum sürəti saatda 100 kilometrdir.
Bəxtiyar CƏFƏRLİ