Advertisment

Qaxda uşaqların bayramı kukla teatrı ilə qeyd olunub

Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təşkilatçılığı Mədəniyyət Nazirliyinin Qax Regional Mədəniyyət İdarəsinin dəstəyi martın 15-də Qax rayonunda aztəminatlı ailələrin uşaqları üçün maraqlı və yaddaqalan Novruz şənliyi təşkil edib. Birlik uşaqları kukla teatrına apararaq onların bayram gününü sevinc və xoş təəssüratlarla zənginləşdirib.

Təşəbbüsün əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtının səmərəli təşkilinə dəstək göstərmək, onların mədəni tədbirlərə çıxış imkanlarını genişləndirmək, yaradıcılıq və təxəyyül dünyalarını zənginləşdirmək, eyni zamanda hər bir uşağın diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək olub.

Kukla teatrında uşaqlar nağıl qəhrəmanlarının rəngarəng səhnə təqdimatını izləyib, obrazların macəralarına böyük maraq və sevinc hissi ilə qoşulublar. Tamaşa uşaqlara həm əyləncəli anlar yaşadıb, həm də dostluq, xeyirxahlıq, mərhəmət və birlik kimi dəyərləri xatırladıb. Tədbir zamanı uşaqların sevinc dolu reaksiyaları və səhnə personajları ilə ünsiyyəti bayramın ən yaddaqalan məqamlarından olub.

Tədbirdə uşaqlarla yanaşı, valideynlər və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Görüş uşaqların birgə vaxt keçirməsi, yeni təəssüratlar qazanması və sosial ünsiyyət bacarıqlarının inkişafı baxımından əhəmiyyətli olub.

Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftail tədbir haqqında məlumat verərkən qeyd edib ki, uşaqların hüquqlarının qorunması, onların mədəniyyətə və təhsilə çıxışının dəstəklənməsi, sosial imkanlardan bərabər faydalanması sağlam və qayğıkeş cəmiyyətin əsas göstəricilərindəndir. Rəhbərlik etdiyi təşkilat bundan sonrada aztəminatlı ailələrin uşaqlarına dəstək olmaq, onların sosiallaşması və inkişafı istiqamətində təşəbbüslərini davam etdirəcək.