Advertisment

Oğuz rayonunda əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici təlim keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olması günü münasibətilə Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən Oğuz rayon Icra Hakimiyyətinin dəstəyi ilə əlilliyi olan uşaqların valideynlərin məlumatlılığının artırılması, onların sosial həyatda fəal iştirakının dəstəklənməsi və ailə daxilində qarşılaşdıqları məsələlərin həllinə kömək məqsədilə may ayının 10-da maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı iştirakçılarla əlilliyi olan şəxslərin hüquqları, sosial müdafiə və dəstək imkanları, dövlət və ictimai xidmətlərə çıxış, ailə və cəmiyyət münasibətlərində qarşılıqlı anlaşmanın əhəmiyyəti barədə müzakirələr aparılıb. Həmçinin valideynlərin gündəlik həyatda qarşılaşdıqları çətinliklər, uşaqların inkişafı və təhsili ilə bağlı ehtiyaclar, mövcud imkanlardan səmərəli istifadə yolları diqqət mərkəzində olub.

Təlim interaktiv formatda təşkil edilib. İştirakçılar öz təcrübələrini bölüşüb, onları narahat edən sualları ünvanlayıb və mövzu ətrafında fikir mübadiləsi aparıblar. Təlim valideynlərin bilik və bacarıqlarının artırılmasına, öz hüquq və imkanları barədə daha dolğun məlumat əldə etmələrinə, eləcə də qarşılıqlı dəstək əlaqələrinin gücləndirilməsinə xidmət edib.

Qeyd edək ki, Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi həssas sosial qrupların ehtiyaclarının diqqətdə saxlanılmasını, onların cəmiyyətə inteqrasiyasını və bərabər imkanlardan yararlanmasını vacib istiqamətlərdən biri hesab edir. Təşkilat bu istiqamətdə maarifləndirici və sosial dəstək yönümlü təşəbbüslərin həyata keçirilməsini davam etdirməyi qarşıya məqsəd qoyur.