Bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da söz və fikir azadlığı demokratiyanın ana şərtlərindən biridir. Elə bu səbəbdən də fikir, söz, məlumat azadlığının təmin edilməsinə ölkəmizdə göstərilən diqqət və qayğı cəmiyyət tərəfindən müsbət qarşılanır.
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin səyi nəticəsində baş verdi. Ulu Öndərin dəstəyilə ölkəmizdə müstəqil mətbuat inkişaf etdi. Fikir, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi bu gün də ön planda durur və prioritet hesab edilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə media sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən addımlar atılıb. Bu gün Azərbaycanda media sektoru dinamik inkişaf etməkdədir. Bu inkişaf dinamikası ölkəmizdə demokratiyanın gələcəkdə də mövcudluğuna əsaslı zəmin yaradır.
Media eksperti Azər Həsrət “Hərbi And” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində dövlət tərəfindən bu sahəyə böyük dəstək verilir:
“Azərbaycan dövləti azad, müstəqil, etibarlı medianın inkişafında maraqlıdır. Bunun üçün gərəkli hüquqi baza yaradılıb. Ölkə konstitusiyasından başlamış media haqqında ayrıca qanuna qədər bütün qanunlarımız və hüquqi bazamız məhz azad medianın heç bir dövlət müdaxiləsi olmadan fəaliyyəti üçün şərait yaradır. Yəni bu baxımdan dövlət əlbəttə ki, üzərinə düşən vəzifəni tam olaraq yerinə yetirir. Digər bir məqam isə azad medianın ayaqda dura bilməsi və inkişafı üçün əlavə dəstəyin verilməsilə bağlıdır. Bunun üçün də Medianın İnkişafı Agentliyi yaradılıb. Agentlik vasitəsilə daha keyfiyyətli və daha iddialı media qurumlarına konkret məbləğlərdə maliyyə yardımı edilir. Bu yardım qarşılıqsız verilir. Geri qaytarılması nəzərdə tutulmur. Hər hansı qeyri-adi tələblər irəli sürülmür. Sadəcə olaraq mediadan tələb edilən bu maliyyə qarşılığında daha keyfiyyətli bir iş ortaya qoymağıdır. Göründüyü kimi, dövlət bir tərəfdə hüquqi baza yaratmaqla, qanuni təminat yaratmaqla, digər tərəfdən də maddi dəstək verməklə azad medianın ayaqda durmasına yardımçı olur. Əlbəttə ki, bu durum ümumilikdə media üçün əlavə imkanlar yaradır. Həmin imkanlar da bütövlükdə medianın inkişafına dəstək verir”.
Ekspert bildirib ki, ölkəmizdə çap mediası artıq ötən illərlə müqayisədə bu gün azalmaqdadır. Lakin buna baxmayaraq, çap mediasına dəstək də dövlət tərəfindən göstərilməkdədir. Eyni zamanda onlayn mediası ilə bağlı atılan ciddi addımlar da bu sahənin inkişafında dövlətin maraqlı olduğunu bir daha sübut edir. Bu mənada Medianın İnkişafı Agentliyi tərəfindən ayrılan maliyyəni diqqətə çatdıran Azər Həsrət bunu müsbət dəyərləndirdi. Bunun da Azərbaycanda dövlətin mediaya münasibətinin bariz nümunəsi olduğunu söylədi:
“İlk olaraq vurğulamaq lazımdır ki, çap mediası ömrünü başa vurub. Təbii ki, bəzi qəzetlərimiz qalmaqdadır. Aşağı tirajlarla da olsa çap olunurlar. Onlara Medianın İnkişafı Agentliyi vasitəsilə maddi dəstək də verilir. Təbii ki, bu, bəzilərinə şamil olunur. Bir neçə dövlət qəzetləri var ki, onlara da dövlət bir başa maliyyə ayırır. Yəni kollektivin və redaksiyanın işinin təmin edilməsi, maddi-texniki təchizatın ayaqda qalması üçün dövlət bu addımı atır. Amma bunu da hamımız qəbul etməliyik ki, çap mediası artıq ömrünü başa vurub.
Onlayn mediaya gəlincə, dövlət bu istiqamətdə təşviqedici addımlar atır. Yəni onlayn medianın daha geniş əlçatanlığını təmin etmək, daha keyfiyyətli xidmət təklif etmək imkanlarını genişləndirmək üçün dövlət Medianın İnkişafı Agentliyi vasitəsilə maliyyə yardımı edir, eyni zamanda burada daha keyfiyyətli kadrların işə cəlb edilməsinə yardımçı olur. Düşünürəm ki, hər-halda Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə hesabına bizim onlayn media qurumlarımız daha keyfiyyətli işçilərlə işi davam etdirsələr, onlar yaxın gələcəkdə kənar dəstək olmadan fəaliyyət göstərmək imkanlarını daha da genişləndirmiş olarlar”.
Müasir dünyamızda texnologiyanın inkişafı mədəni səviyyəsi, dünyagörüşü aşağı olan insanlarda texnoloji nailiyyətlərdən tamamilə fərqli tərəfdən yanaşma imkanını tanıtdı. Belə ki, bu gün fikir və söz azadlığından son dərəcə sui-istifadə edənlər də cəmiyyətimizdə mövcuddur. Və bu cür insanlara heç bir qadağa da tətbiq olunmur. Media ekspertinin sözlərinə görə, belə insanlar yaranmış vəziyyətdən sui-istifadəni yetərincə artırıblar. Onların düşüncəsində bu, yolverilən haldır:
“Dövlətin yaratdığı şərait fonunda biz təəssüflə qeyd etməliyik ki, insanlar söz və mətbuat azadlığından sui-istifadə edirlər. Yəni azadlıqlar verilib, dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bəzi insanlar da düşünür ki, elə bu vəziyyətdən istifadə edərək hər cür davranmaq yolveriləndir. Təəssüflər olsun ki, bu belə anlaşılır. Amma biz də uzun zamandır insanlara məsuliyyət hissini aşılamağa çalışırıq. Yəni azadlıqların verilməsi, dövlətin bu azadlıqları təmin etməsi o demək deyil ki, insanlar məsuliyyətsiz davranmalıdırlar. Təbii ki, bunu anlayan insanlarımız da az deyil. Amma anlamayanlar həddən çoxdur. Xüsusən də sosial media üzərindən məsuliyyətsiz paylaşımlar edən, başqalarının fikirlərinə müdaxiləyə cəhd göstərən, söyüş, təhqirə üstünlük verən həddən artıq çox istifadəçiyə rast gəlirik. Əlbəttə ki, o istifadəçilərə bəzən hüquq dilində nəyisə izah etmək mümkün olur. Amma sayları o qədər çoxdur ki, bunu etmək elə də asan alınmır. Bununla belə biz düşünürük ki, söz və mətbuat azadlığı məsələlərində məsuliyyətli davranmaq əslində hər şeydən öncə o insanların özlərinin faydasınadır. Təbii ki, bunu anlamaq üçün bir az beyin, düşüncə lazımdır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi insanlarda beyin məsələsi də sual altındadır”.
Görünən tərəf budur ki, söz və fikir azadlığından sui-istifadə edənlər nə qədər ki, öz məsuliyyətlərini anlamayacaqlar, bu belə də davam edəcək. Bu kimi halların qarşısını almaq üçün onların məsuliyyətə cəlb olunmasıdır ki, son zamanlar biz bunun şahidi ola bilirik. Bu davamlı şəkildə aparılarsa, o zaman belə neqativlərlə üzləşməyimiz tam olmasa da, müəyyən qədər azalar.
Elnurə İSAXAN
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi