Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən bir də dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. Ölkəmizdə aparılan bu siyasət ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən balanslaşdırılmış və çoxşaxəli formada davam etdirilməkdədir. Ümummilli Liderin bir çox ölkələrin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərilə keçirdiyi görüşlər, apardığı müzakirələr və əldə olunan razılaşmalar nəticəsində yenicə müstəqillik əldə etmiş Azərbaycanın beynəlxalq miqyasda həqiqi müstəqil dövlət və etibarlı tərəfdaş imici formalaşdı. Məhz Azərbaycanın qazandığı uğurların təməlində müdrik dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır.
Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri Mikayıl Həsənli deyir ki, bu gün cənab Prezident İlham Əliyevin rəbərliyi altında mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır:
“Azərbaycanın istər region ölkələri, istərsə də beynəlxalq təşkilatlarla apardığı siyasət təqdirəlayiqdir. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrində aparıcı tərəfdaşa çevrilib. Xüsusən də enerji sahəsində bu tərəfdaşlıq daha çox nəzərə çarpır. Və bu faktların arxasında əlbəttə ki, ölkə rəhbərinin gərgin əməyi, əzmkar mövqeyi və xarici siyasət kursu dayanır”.
Mikayıl Həsənli Azərbaycanın region ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində islahatlar siyasətinin davamlı tərkib hissəsi olaraq bir sıra tədbirlər gördüyünü qeyd edib:
“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda geostrateji lider dövlət olaraq Cənubi Qafqazda sabitliyin bərpa olunması ilə mühüm önəm kəsb edən addımlar ataraq çox yüksək səviyyədə əməkdaşlıq həyata keçirir. Və bu siyasət dünya ictimaiyyəti, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan dünya birliyindəki rolunu, dünyada sülh və ədalətin təmin olunması istiqamətində gördüyü işləri layiqincə yerinə yetirir. Bu baxımdan deyə bilərik ki, ölkəmiz beynəlxalq miqyasda əməkdaşlıq istiqamətində çox etibarlı tərəfdaşdır”.
Birlik sədri Azərbaycanın xarici siyasətində müsəlman ölkələrilə əməkdaşlığına da toxundu. Bildirdi ki, ölkəmizin xarici siyasətində bu önəmli yer tutur:
“Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra MDB məkanında ilk olaraq Azərbaycan 1991-ci il dekabrın 8-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv qəbul olunub. Bununla da Azərbaycan İslam dünyası ilə əlaqələrə xüsusi önəm verdiyini nümayiş etdirdi. Bu əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığı üçün hamı tərəfindən yüksək qiymətləndirilir.
Ölkəmiz ilə İƏT-in müxtəlif təşkilatları arasında münasibətlərin möhkəmlənməsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forumda İƏT-in baş katibi Ekmələddin İhsanoğlu Mehriban xanım Əliyevaya humanitar sahədəki fəaliyyətinə görə “İslam Konfransı Təşkilatının humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomu təqdim etmişdir. Eyni zamanda Bakının 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı İƏT ilə əməkdaşlığın bariz nümunəsidir. Bu həm də Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü yorulmaz fəaliyyətin nəticəsidir. İƏT ilə ölkəmiz arasında əməkdaşlığın müsbət nəticələrində daha bir önəmli fakt kimi BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycanın təqdim etdiyi qətnamənin qəbul edilməsini göstərmək olar. Belə ki, 2006-ci il martın 14-də keçirilən sessiyada Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində məhz İƏT-in üzvü olan dövlətlərin mövqeyi həlledici rol oynayıb.
Bundan başqa Xocalı soyqırımının tanıdılması istiqamətində İƏT-in digər bir orqanı olan Parlament İttifaqı ilə əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, 2010-cu ildən başlayaraq, bu qurum tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin təqdim etdiyi “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” və “1992-ci ilin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması”adlı qətnamələr də qəbul olunub”.
Mikayıl Həsənli bildirdi ki, İƏT-in ölkəmizlə dostluq münasibətləri 44 günlük Vətən müharibəsində özünü bir daha göstərmiş oldu:
“44 günlük Vətən müharibəsində sentyabrın 28-də İƏT “İslam Əməkdaşlığı Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir” - deyə kəsərli bəyanatlarla çıxış etdi. Eyni zamanda Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması ilə bağlı “İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha təsdiqləyir” başlıqlı bəyanat verib. Bundan başqa qurumun “Baş katiblik Ermənistanın Azərbaycan Respublikasına qarşı hücumlarının dərhal dayandırılmasına çağırır” adlı bəyanatları da səsləndirildi. Bir sözlə, Azərbaycanın İƏT və ona üzv dövlətlərlə münasibəti, həmçinin bütün sahələri əhatə edən əlaqələri yüksək səviyyədə təşkil olunub. Onu da qeyd edim ki, Azərbaycan ümumiyyətlə, dünya ölkələri və beynəlxalq təşkilatlarla milli maraqlarımıza uyğun olaraq və balanslaşdırılmış siyasət yürüdür”.
Sonda qeyd etmək lazımdır ki, Azərbaycan regionda mehriban qonşuluq siyasəti yürüdür, dünyanın aparıcı ölkələri və güc mərkəzlərilə qarşılıqlı səmərəli əməkdaşlıq edir. Ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində fəallığı da durmadan artmaqdadır. Cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan dünyanın çox etibarlı və əvəzedilməz tərəfdaşına çevrilib.
Elnurə İSAXAN