Hər bir insanın qəlbində ana kimi əziz, müqəddəs, ülvi bir hiss yaşayır. Bu hiss insanın mənəviyyatını gözəlləşdirir. Onu ucaldır. Bu hiss vətən sevgisi, doğma yurda olan məhəbbət duyğusudur. Vətən sevgisi, vətən eşqi qəlbimizdə böyük bir ümmandır. Vətən sevgisi ilə böyüyən hər bir gəncdə vətən məsuliyyəti hər zaman mühüm rol oynayıb. Vətənini sevən hər bir gənc onu layiqli təmsil edib, onu qanı-canı bahasına müdafiə edib.
Xalqımızın ən gözəl ənənələrindən biri də torpağa, doğma yurdumuza, bir sözlə vətənimizə bağlılıqdır. Bu bağlılıq bizi əsl vətənpərvər insana çevirib. Azərbaycan xalqı ta qədimlərdən vətənpərvər xalq olaraq dünyada tanınıb. İgid oğullarımızın vətənə bağlılığı, vətənpərvərliyi, qəhrəmanlığı, mərdliyi, qeyrəti, cəsarəti zaman-zaman dünyada ad çıxarmasında, düşmənə savaş meydanında öz yerini bildirməsində önəmli rol oynayıb. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Çünki bu gün Vətən hamı üçün əzizdir, müqəddəsdir. Məhz Vətənimiz Azərbaycan qəhrəmanlar, mərd oğullar diyarıdır. Və igidlər oylağı Azərbaycanımız daim öz cəsur övladları ilə dünyada seçilib.
Bu gün də vətənpərvər, igid, cəsur oğullarımızın sayəsində vətən torpağı öz azadlığına qovuşdu. Vətən Müharibəsində qəhrəman oğulların apardıqları rəşadətli döyüş nəticəsində doğma torpaqlarımıza yeni nəfəs gəldi. Azərbaycanımız bütövləşdi.
Doğma torpaqlarımızın azadlığı uğrunda silaha sarılan oğullar sırasında Qasımov Rüfət Ələsgər oglu da yer alıb. Rüfət 1992-ci il martın 23-də Yevlax rayon Varvara kəndində anadan olub. Hazırda Yevlax rayonunun Balçılı kəndində yaşayır.
1998-ci ildə Balçılı kənd tam orta məktəbin 1-ci sinfinə gedən Rüfət 2009-cu ildə 11-ci sinfi bitirir. 2010-cu il aprelin 2-si N saylı hərbi hissədə xidmətə başlayır. 2014-cü il avqustun 2-dən muddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ ) kimi piyadanın döyüş maşınında (PDM) tuşlayıcı operator vəzifəsində xidmət edir.
Rüfət uşaqlıqdan vətən sevgisi ilə böyüyür. Onda vətənə olan məhəbbət əsl vətənpərvər gənc kimi yetişməyində mühüm rol oynayır. Rüfət üçün vətən çox müqəddəsdir. Ailə də övladlarının vətənpərvər ruhda böyüməsini daim diqqətdə saxlayıb. Rüfətə görə vətənpərpərlik vətəni, doğulub boya-başa çatdığın eli, obanı, torpağı sevməkdir. Deyir, vətənpərvərlik təkcə vətəni sevmək yox, həm də onu qorumaqdır:
“Bir qarış vətən torpağı üçün canını qurban verməkdir, özünü fəda etməkdir. Hər bir dövlətin gələcəyi də onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcundan asılıdır. Mən də calışıram ki, həmişə öz borcumu layiqincə yerinə yetirim. Vətənimə layiqli vətəndaşlardan olum. Hər bir işimdə, əməlimdə öz vəzifə borcumu doğma elimə layiq şəkildə yerinə yetirim”.
Qəhrəmanımın ilk döyüş yolu 2016-cı il Aprel döyüşlərindən başlayır. Deyir, o vaxtlar həm xidmətdə, həm də yaşda daha gənc idim:
“O qədər də təcrübəm yox idi. Bizim tapşırığımız da çətin tapşırıq deyildi. Ağdərə yolunu tutmaq, o istiqamətə düşmənin yaxınlaşmağına imkan verməmək. Lakin mən döyüşlərdə iştirak etməyə çox həvəs edirdim. Amma əfsuslar olsun ki, Aprel döyüşlərində bu mənə qismət olmadı. Şəhidlərimizin və qazilərimizin üstün bacarığı sayəsində uğurlu əməliyyat baş tutdu. Məhz Lələtəpə yüksəkliyi də bu uğurun nəticəsi idi. Sonralar iştirak etdiyim döyüşlər və bu döyüşlərdə qazandığımız uğurlar yaddaşımdan heç bir zaman silinməyəcək”.
Qəhrəmanım deyir, 30 illik işğal zamanı erməni tapdağı altında qalan torpaqlarımızın hər qarışı azad olunduqca qisas hissimiz daha da alovlanırdı. İrəlilədikcə döyüş ruhumuz daha yüksəlirdi:
“Hər şeyi gözə alıb düşmənin üzərinə getmək məncə qələbənin bir simvoludur. Həmin an bizdə yaranan ruh yüksəkliyini anlatmaq da bir az çətindir. Çox ağır qanlı döyüşlər gedirdi. Həmin anlar bilmirdik, hansı komanda gələcək, hansı istiqamətə girəcəyik, qarşımızdakı düşmən hədəfi nə ola bilər, necə o hədəfi dəf edə bilərik. Və bir də xəbərin olur ki sağ və sol istiqamətimizdəki bölmələrdən xeyli irəlidəyik. Hərbi hissə komandirimizə gələn zəngdən anlayırdıq ki, düşməni məhv edə-edə düşmənin xeyli içərisinə girmişik. Döyüş ruhunu bizə verən hərbi hissə komandirimizin bizimlə bərabər öndə getməyi idi. 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək həvəsi idi. Yanımızda şəhid olan yoldaşlarımızın, dostlarımızın qisasını almaq məqsədi idi. Bütün bunlar bizdə döyüş ruhunu yuksəldirdi”.
Lokal xarakterli antiterror əməliyyatından danışan qəhrəmanım deyir, bu əməliyyatımız da ağır keçdi:
“23 saat 45 dəqiqə olmasına baxmayaraq, ağır döyüş oldu. Gözlərimizin önündə tanklarımızı, PDM-lərimizi (piyadanın döyüş maşını) necə vurduqları, necə bölük yoldaşlarımın şəhid olması hələ də ilk gün kimi yaddaşımdadı. Bu döyüşdə ilk öncə Allahın, sonra komandirim gizir Teymur Novruzovun sayəsində həyatda qaldım. Döyüş texnikasını düzgün, vaxtında və dəqiq komandalarla idarə etməsi bizim həyatda olmağımızın səbəbidir”.
Zəfərin böyük sevincini yaşayan müsahibim deyir, Şuşanın azadlığa qovuşduğu an mənim üçün ən yadda qalan günlərdəndir. Həmingün biz düşmən üzərində böyük Qələbəni əldə etdik:
2020-ci il noyabrın 8-i mənim həyatımda ən yadda qalan gün oldu. Çünki həmin gün biz möhtəşəm Zəfərə imza atdıq. Həmin gün 30 illik həsrətə son qoyduq. Elindən-obasından, doğma evindən didərgin salınmış gözü yaşlı insanların vətən həsrəti çəkməyi bitdi. O an qəlbiimizdə yaranmış hissi sözlə ifadə etmək çox çətindir. Təbii ki, sevincimizin həddi-hüdudu yox idi. Amma bununla yanaşı, qəlbimizdə başqa bir hiss də var idi. Bilmirdik sevinək, bilmirdik ağlayaq. O an yaşadıqlarımızı inanın ki, hər birimiz ifadə etməkdə çətinlik çəkirik.
Ailələrimizin zəng edib bizi təbrik etməsi bizi daha da qürurlandırırdı. Sevinc üstünə sevinc gətirirdi. Bu sevincdən 3 il sonra daha böyuk sevinc yaşadıq. 2023-cü il sentyabrın 19-u keçirilən lokal antiterror zamanı qazandığımız zəfər sayəsində sevincimiz daha da böyüdü. Düzdür, bir tərəfdən də şəhidlərimizin bizimlə bu bayramı bölüşməyi bizə qismət olmadığına görə böyük təəssüf hissi keçiririk. Lakin onların qisasını almağımız bizim üçün böyük qürurdur. Bilirsiniz, Zəfər şərəfdir, mənlikdir, qürurdur. Zəfər şəhidlərimizin qisasını almaqdır. Möhtəşəm Zəfərimiz haqqında çox şey danışmaq olar. Tam əminliklə deyirəm ki, 44 günlük Vətən müharibəsinin hər gününə bir kitab yazmaq olar. Torpaqlarımızın azadlığı uğrunda apardığımız savaş bizim qəhrəmanlıq salnaməmizdir. O günləri xatırlamaq çətin olduğu qədər, həm də şərəflidir. Çünki biz o ağır anların sonunda Azərbaycanımızı bütövləşdirdik. Doğma torpaqlarımızı özümüzə qaytardıq. Düşmənə ən ağır sarsıdıcı zərbələr endirərək onları məhv etdik. İllərlə içimizdə alovlanan qisasımızı düşməni məhv etməklə aldıq. Günahsız körpələrimizin, qız-gəlinlərimizin, ağsaçlı analarımızın, atalarımızın qisasını mərdliklə aldıq. Qəhrəman, igid, vətənpərəvər oğullarımızın qanını yerdə qoymadıq.
İnanın ki, danışdıqca bitməz. Şükürlər olsun bu günümüzə ki, biz Zəfəri qazandıq. Şəhid və qazi qardaşlarımın qanı bahasına Zəfər qazandıq. Biz bu tarixi yazdıq. Adımızı tarix yazanların siyahısına əlavə etdik. Və bu tarixi heç kəs silə bilməz”.
Elnurə İSAXAN