Advertisment

Vətənin keşiyində

Müasir dövrdə dünyada müharibələr nə qədər arzuolunmaz bir vəziyyət hesab olunsa da, şahidi olduğumuz kimi müxtəlif səbəblərdən onlar qaçılmaz olur və dünyəvi proseslərin gedişatında ciddi rol oynayırlar. Müasir lokal müharibələr zamanı, əsas güc mərkəzi, havada üstünlüyə nail olmağı təmin edən hərbi hava qüvvələri (HHQ) hesab edilir. Hazırda dünyada baş verən bir çox qaynar nöqtələrdə gedən döyüş meydanlarında, qırıcı və bombardmançı təyyarə, helikopter, pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə (HHM) sistemləri olmadan, müharibəni təsvir etmək mümkün deyil. 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı da, Silahlı Qüvvələrimiz aviasiya və HHM vasitələrindən geniş istifadə etmişdir. Hərbi Hava Qüvvələrimizin pilotları, pilotsuz uçuş aparatlarını idarə edən operatorlar və Hava Hücumundan Müdafiə qoşunlarının zabit, gizir və əsgərləri uğurlu əməliyyatlar keçirərək düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirmişdir. Döyüşlər zamanı “Bayraqdar”larımız və qırıcı-təyyarəçilərimiz erməni faşistlərinin üzərinə “od yağdırır”, HHM qoşunlarının döyüş heyətləri isə, düşmənin bizim ərazilərimizə göndərdiyi pilotsuz uçuş aparatlarını və müxtəlif raketləri səmada məhv edirdilər.

2020-ci ilin noyabrında ölkəmiz möhtəşəm qələbə sevincini və milli qürur hissini yaşadı, 1994-cü ildən bu vaxta qədər, düşmən tapdağında olan və uzun illər ərzində yolumuzu gözləyən doğma torpaqlarımızı, Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz erməni faşistlərinin əsarətindən qurtardı.  

Tarixi və şanlı qələbə sevincini xalqımıza yaşadan, müharibədə qələbəmizi təmin edən, şəhidlərimizin qanını yerdə qoymayan müharibə iştirakçılardan birini, Hərbi Hava Qüvvələrimizin zabiti mayor Səlimov Ruslan Musayeviçi sizlərə tanıtmaq istəyirik.

Sovet İttifaqı dövründə, gənc mütəxəssisləri ittifaqa daxil olan müxtəlif ölkələrə iş təcrübəsi qazanmağa göndərirdilər. Ruslanın atası mühəndis olduğuna görə, onu da ailəsi ilə birgə Belarusiya Respublikasına işləməyə yollamışdılar. Ruslan Səlimov 24 aprel 1986-cı ildə Belarusiya Respublikasının Moqilyov şəhərində dünyaya göz açmışdır. Bir müddət sonra 1987-ci ildə Ruslanın ailəsi Azərbaycana, Hacıqabul rayonunun Pirsaat kəndinə qayıdır və Ruslan doğma kəndlərində orta məktəbə gedir. O, həmin təhsil ocağında 9-cu sinfə qədər təhsil alır və uşaqlıqdan arzuladığı hərbçi peşəsinə yiyələnmək üçün 2001-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. Liseydə hərb sənətinin ilk biliklərini öyrənən Ruslan Səlimov 3 il ərzində özünü bacarıqlı və öz üzərində çalışan kursant kimi göstərir. 2004-cü ildə Səlimov Hərbi Liseyi bitirərək, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə (AAHTM) daxil olur. Orada zenit-raket qoşunları ixtisası üzrə təhsil almağa başlayır və 4 il ərzində Ali Hərbi Məktəbin tədris korpuslarında və təlim poliqonlarında müxtəlif silah və texnikaların sirrlərinə yiyələnərək, özünü zabit peşəsinə hazırlayır. 

Nəhayət, 4 il kursant həyatı arxada qalır. R.Səlimov 2008-ci ildə dövlət imtahanlarını uğurla başa vuraraq leytenant rütbəsinə layiq görülür, Təlim Tədris Mərkəzində (TTM) zabit ixtisas kursuna cəlb edilir və 2009-cu ildə kursu bitirdikdən  sonra, Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsində heyət rəisi vəzifəsində xidmətə başlayır. İki il ərzində bu hərbi hissədə xidmət edən gənc zabit, tuşlama zabiti və batareya komandirinin müavini vəzifələrində çalışaraq, rəhbərliyin etimadını doğruldur və növbəti baş leytenant rütbəsinə layiq görülür. 2013-cü ildə Ruslan, Bakı şəhərində yerləşən hərbi hissələrin birinə batareya komandirinin müavini vəzifəsinə təyin edilir. Baş leytenant Səlimov yeni xidmət yerində nümunəvi xidmət etdiyinə görə 1 il ərzində divizion komandirinin maddi texniki təminat (MTT) üzrə müavini vəzifəsinə irəli çəkilir. 2019-cu ildə isə, Şəmkir rayonunda yerləşən diviziona qərargah rəisi vəzifəsinə təyin olunur və iki il ərzində bu bölmənin komandiri vəzifəsini icra edir.

2020-ci ilin iyun ayında düşmən Tovuz bölgəsində təxribat xarakterli əməliyyatlar keçirir və həmin hadisələr zamanı R.Səlimovun xidmət etdiyi hərbi hissə gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə gətirilir. Erməni separatçıları pilotsuz uçuş aparatından istifadə adərək hava məkanımızı Tovuz-Şəmkir-Gəncə istiqamətində pozmağa cəhd göstərir və bu zaman mayor Ruslan Səlimovun rəhbərlik etdiyi divizion, onu izləyərək hava məkanında məhv edir. Düşmənin bu təxribatlarından sonra, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə əsasən, Silahlı Qüvvələrimiz hücum əməliyyatlarına keçdi. Bununla da, xalqımızın erməni faşistlərindən qisas almaq və torpaqlarımızı düşməndən azad etmək üçün 30 ilə yaxın həsrətlə gözlədiyi Vətən müharibəsi başladı.

Vətən müharibəsi başladığı zaman, mayor Səlimovun divizionuna strateji obyektlərin müdafiəsi tapşırıldı. Qızğın döyüşlər getdiyi vaxt, divizion, təhlükəsizliyi təmin etmək məqsədilə, bir neçə istiqamətdə yerdəyişmələr etmiş və  44 günlük savaşda, uğurlu raket atışları keçirərək, düşmənin 3 hədəfini məhv etmişdir.

Vətən müharibəsi xalqımızın möhtəşəm qələbəsi ilə bitdikdən sonra, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən, mayor Ruslan Səlimov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Bundan əlavə, mayor Səlimov düşmənin pilotsuz uçuş aparatının döyüş tapşırığını yerinə yetirməyə imkan verməyərək, yüksək bacarıqla məhv etdiyinə görə, komandanlıq tərəfindən fəxri fərmanla mükafatlandırılmışdır. Ruslanın düşmən PUA-sını vurduğu anlar, bir neçə yerli televiziya vasitəsi ilə nümayiş olunmuşdur. Müharibə vaxtı divizionun şəxsi heyəti yüksək bacarıq nümayiş etdirmiş və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmişdir. 

2021-ci ildə mayor Ruslan Səlimov xidmətini davam etdirmək üçün, yeni hərbi hissəyə təyinat alır. Bu hərbi hissədə o, bir neçə vəzifədə çalışdıqdan sonra, komandanlığın etimadını doğruldaraq hərbi hissənin qərargah rəisi vəzifəsinə yüksəlir.

2023-cü il sentyabr ayının 19-dan 20-nə keçən gün, cəbhə bölgəsində erməni terror qruplaşmalarının yeni təxribatlarına qarşı, antiterror əməliyyatı başlayır. Həmin əməliyyat zamanı, ordumuzun bir neçə hərbi hissə və bölmələri ilə birlikdə, Ruslan Səlimovun xidmət etdiyi hərbi hissənin bölmələri də, bu əməliyyata cəlb edilərək Şuşa və Tərtər istiqamətində fəaliyyət göstərir. Hərbi hissənin qərargah rəisi mayor R.Səlimov Tərtər istiqamətində dislokasya olunan bölmənin idarə olunmasına rəhbərlik etmək üçün həmin istiqamətə göndərilir. Əməliyyat zamanı bölmənin heyəti qərargah rəisinin rəhbərliyi altında tapşırıqları layiqincə yerinə yetirir. Bu əməliyyatdan sonra mayor Ruslan Səlimov Müdafiə nazirinin əmrinə əsasən, “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal”ı ilə təltif edilir. 

Ruslanla söhbət zamanı, məlum oldu ki, onun atası Musa Səlimov 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.  1993-1994-cü illərdə leytenant rütbəsində Kəlbəcər rayonu Murovdağ istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. 1994-cü ilin mart ayının 16-da düşmənin snayper gülləsindən ağır yaralanaraq sağlamlığını iti­rib və 2-ci qrup Qarabağ əlili statusunu alıb. Bundan başqa, Ruslanın daha bir ailə üzvü, qardaşı Bəx­tiyar da həyatını ordu ilə bağlayıb. O, hal-hazırda mayor rütbəsində, Hərbi Hava Qüvvələrində xidmət edir.

Ordumuzda mayor Ruslan Səlimov kimi zabitlərimiz az deyil. Xalqımız belə hərbçilərimizlə fəxr edir. Doğma yurdunu sevən və onun keşiyində dayanan Azərbaycan oğulları düşməni daimi qorxu içində saxlayacaq və hər an doğma Vətənimizi şərəflə qoruyacaqlar. 

     

İsmayıl Abdullayev

E. o. Zabit