“Azərbaycan xalqı böyük xalqdır. Biz əlli milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var – Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası təkcə ölkəmizdə yaşayan azərbaycanlıları deyil, bütün dünya azərbaycanlılarını bir yerdə cəmləşdirən bir ideologiyadır. Bu baxımdan azərbaycançılıq ideologiyası milli birliyimizin başlıca amilinə çevrilib.
Azərbaycançılıq sağlam təməllərə söykənərək birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ehtiva edir. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşü ilə təməli qoyulan azərbaycançılıq məfkurəsi ilk aylardan ideoloji və praktiki əsaslarla tətbiq edilməyə başlandı. 1993-cü il noyabrın 2-də Heydər Əliyev televiziya ilə xalqa müraciət edərək talışları, kürdləri, ləzgiləri, tatları, türkləri vətənin müdafiəsinə, ərazi bütövlüyümüz üçün səfərbər olmağa səslədi. Vətənin igid oğulları müdrik dövlət xadiminin çağırışına hamılıqla səs verdi. Bunun müsbət nəticələri isə tez bir zamanda özünü göstərməyə başladı. Ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların nümayəndələri də bütöv Azzərbaycan naminə bir yumruq altında birləşdi. Vətənimizin ərazi bütövlüyü uğrunda səfərbər olaraq, düşmənə layiqli müqavimət göstərdi. Məhz bu həmrəylik nəticəsində 1994-cü ilin qışında Azərbaycan hərbçilərinin, sıravi vətəndaşlarımızın şücaəti ilə əks hücum əməliyyatı keçirildi və Füzuli rayonunun 22 kəndi, eyni zamanda Horadiz qəsəbəsi düşməndən azad edildi. Bu, Ulu Öndərin ideya müəllifi olduğu azərbaycançılıq məfkurəsinin ilk qələbəsi idi.
Məhz azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Bu ideologiya çətin dövrlərdən keçsə də, xalqımızın inamı, ideologiyasına verdiyi dəyər, etimad sayəsində bütün çətinlikləri dəf edərək bu günə qədər gəlmişdir.
Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında mühüm rol oynadı. Ümummilli lider haqlı olaraq deyirdi: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin bir ideya ətrafında birləşməsinə yol açmalıdır”. Dahi şəxsiyyət azərbaycançılığın və kamil milli ideologiyanın əsas prinsiplərinin məhz dövlətçilik və milli vətənpərvərlikdən ibarət olduğunu dəfələrlə qeyd edib. Və tarixə nəzər salsaq, Azərbaycanın maddi və mənəvi dəyərlər sisteminin təməl dayağı olan azərbaycançılıq məfkurəsi istər dövlətçilik dəyərlərimizin, istərsə də sosial-mədəni həyatımızın bütövlüyünün qorunmasında mühüm rol oynayıb.
Burada xüsusi olaraq qeyd etmək mütləqdir ki, azərbaycançılıq ideologiyası təkcə milli-mənəvi dəyərləri qorumaq və yaşatmaq demək deyildir. Azərbaycançılıq həm də bu dəyərlərin tərkib hissəsi olan milli kimliyinlə, mənsub olduğun dövlətinlə fəxr etmək, qürur duymaqdır. Bu mənada Ulu Öndər xüsusən böyük qürur hissilə deyirdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Məhz müdrik dövlət xadiminin iftixarla qeyd etdiyi bu fikirlər hər bir azərbaycanlıya aid olmalı, bu amalla əsl vətənpərvər bir vətəndaş olaraq öz ölkəsini qorumalı, ona sahib çıxmalıdır.
Bu gün qürurla deyə bilərik ki, xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq çətin yollardan keçərək inkişaf edib, zənginləşib. Etnik kökündən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını bir vətən, bir dövlət, bir bayraq, bir millət ətrafında birləşdirən azərbaycançılıq ideologiyası ilə ölkəmizin və xalqımızın bu günü və gələcəyi sıx bağlıdır.
Bu gün bir faktdır ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini və əsasını azərbaycançılıq təşkil edir. Məhz Azərbaycanın mütəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir. Hər bir azərbaycanlı daim bu ideologiya ətrafında daha sıx birləşməlidir. Necə ki, biz bu birliyi 44 günlük Vətən Müharibəsində gördük. Azərbaycançılıq ideologiyası və onun gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi kimi mühüm komponenti nəticəsində, Vətən müharibəsində məhz bütünlüklə azərbaycançılıq ideologiyası ilə silahlanmış bu gəncliyin rəşadətinin və şücaətinin şahidi olduq. Milliyətindən və dinindən asılı olmayaraq, hər kəs Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və düşmənə layiqli cavab verildi. Xalqımız, məhz azərbaycançılıq ideologiyasına sadiq qalaraq, Vətən sevgisi, torpaqlarımızın bütövlüyü uğrunda birləşməyi bacardı. Və bu birlik, həmrəylik torpaqlarımızın işğaldan azad edilməsində öz əhəmiyyətini göstərdi. Biz dünyaya nümayiş etdirdik ki, azərbaycançılıq ideyası, vətən sevgisi bizi birləşdirməyi bacardı. Azərbaycanın qəhrəman oğullarına arxa duran xalqımızın birliyi sayəsində düşmən üzərində qələbəmizə ən qısa zamanda nail olduq, Zəfər qazandıq. Azərbaycançılıq ideyası sayəsində bütün dünya azərbaycanlıları məhz Azərbaycanın haqq səsinə səs verdi. İndi artıq hər kəs əmindir ki, azərbaycançılıq ideyası xalqımızın birliyini, həmrəyliyini, qələbələrimizi və uğurlarımızı şərtləndirən ən mühüm amildir.
Bu arada onu da xüsusi qeyd etmək lazımdır ki, qarşıda dayanan strateji hədəflərimizin həyata keçirilməsində də məhz bu ideologiya mühüm rol oynayacaq. Bunu da unutmaq olmaz ki, məhz anti-Azərbaycan siyasi dairələrinin əsas hədəfində də azərbaycançılıq ideologiyası dayanır. Və Azərbaycan gəncliyinin bu ideolgiya altında tərbiyə olunması, vətənpərvər ruhda böyüməsi bizim gələcəkdə də böyük uğurlara imza atmağımızda mühüm rol oynayacaq. Azərbaycanı hədəfə alan qüvvələrin planları məhz azərbaycançılıq ideologiyası ilə tərbiyə olunan gənclik sayəsində daim məğlubiyyətə uğrayacaq.
Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə aparılan təbliğat işləri nəticəsində bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir. Ümummilli lider Heydər Əliyev tərəfindən ona miras qoyulan bu sərvəti əziz tutur. Ən önəmli məqamlardan olan milli birliyimizi qoruyur. Və bu gün hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanmalı olduğunu dərk edən çox möhtəşəm gəncliyimiz var. Və onlar öz fəaliyyətlərini doğma Vətənin bütövlüyü naminə qurmağı bacarır və qurur. Eyni zamanda ölkədən kənarda yaşayan azərbaycanlılar da Vətən naminə daim bir yerdə olaraq, onu yaşatmaqda fəaliyyətlərini davam etdirirlər. Və bundan sonra da bu missiyanı davam etdirməlidirlər. Cənab Prezidentin qeyd etdiyi kimi: “Azərbaycan xalqı böyük xalqdır. Biz əlli milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var – Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.
Elnurə İSAXAN