ABŞ W93 termonüvə döyüş başlığı korpusunun uçuş sınağını keçirib.
Herbiand.az xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Administrasiyası bildirib.
Məlumata görə, buraxılış Atrax zondlama raketindən istifadə etməklə həyata keçirilib. Sınaq zamanı mütəxəssislər döyüş başlığı korpusunun atmosferə yenidən daxil olma zamanı aerodinamik yüklərə necə tab gətirdiyini sınaqdan keçiriblər.
Əldə edilən məlumatlar yeni döyüş başlığının qeyri-nüvə komponentlərinin hazırlanmasında istifadə olunacaq. Bu komponentlər üzərində iş Sandia Milli Laboratoriyalarında davam edir.
W93 - ABŞ tərəfindən təxminən 40 il ərzində hazırlanmış ilk yeni termonüvə döyüş başlığıdır. Onun hazırlanması proqramı 2022-ci ilin may ayında Nyu-Meksikodakı Los Alamos Milli Laboratoriyasında başlayıb.
Onun seriyalı istehsalına 2030-cu illərin ortalarında başlanacağı gözlənilir. Döyüş başlıqlarının Columbia sinifli strateji sualtı qayıqlarda təchiz olunmuş Trident II qitələrarası ballistik raketlərinə quraşdırılması planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ