Vətəni sevmək, onu qorumaq, qüdrətli etmək xalqımızın ən yüksək əxlaqi dəyərləridir. Bu hər zaman belə olub, indi də davam etməkdədir. Vətən məhəbbəti olmayan bir insanın əxlaqının yüksək olması da mümkün deyil. Vətən sevgisi ən ülvi hissdir. Bu hiss hər bir insanda vətənpərvərliyi formalaşdırır. Milli-mənəvi dəyərlərə bağlılığı daha da möhkəmləndirərək onu ucaldır.
Vətən sevgisi əbədidir, tükənməzdir. Ruhən vətənə bağlı olan insan onun uğrunda ölümə belə getməyə hər an hazır olmalıdır. Özünü doğma vətəninin övladı hesab edən hər bir vətənpərvər insan onu qorumalı, uğrunda mübarizə aparmağı bacarmalıdır.
Qəlbində vətən sevgisi olan hər bir vətənpərvər insan elinə, obasına bağla olur, onun igid, qorxmaz müdafiəçisinə çevrilir. Bu gün söhbət açacağım qəhrəmanım da I Qarabağ savaşında igidlik nümayiş etdirərək torpaqlarımızın müdafiəsi uğrunda döyüşən cəsur komandir, müharibə veteranı, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Zəngilan rayon şöbəsinin sədri Ənvər Qarayevdir.
Ənvər müəllim bu gün çox sevincli idi. Torpaqlarımızın işğaldan azad olunduğu bir zamanda keçmişi xatırlamaq nə qədər çətin olsa da, qəlbindəki qüruru, fəxri də görmək mümkün idi:
“Bu gün mən çox qürurluyam. Bizim vətənpərvər, qəhrəman, igid oğullarımız doğma torpaqlarımızı erməni işğalından azad etdilər. Bir hərbçi atası kimi sevincimin həddi-hüdudu yoxdur. Övladım Vətən müharibəsində xüsusi təyinatlıların tərkibində Şuşanı fəth edən qəhrəmanlarımızdandır. Hal-hazırda hərbidə xidmətini davam etdirərək vətənə olan borcunu cəsarətlə yerinə yetirir”.
Ənvər müəllim Zəngilan batalyonunun tərkibində doğma torpaqlarımızın müdafiəsi uğrunda son günədək döyüşənlərdən olub. Deyir, 1983-85-ci illərdə rus ordusunda xidmət etmişəm. Hərbi xidməti başa vurub vətənimə döndüm. Erməni mənfurları torpaqlarımıza hücum edəndə mən də vətənpərvər oğullarımızla bir sırada vətənimizin müdafiəsinə qalxdım:
“O zaman silahlarımız da yox idi. Ov tüfəngi ilə kəndlərimizi müdafiə edirdik. Öz müdafiə dəstələrimizlə el-obamızı qoruyurduq. 1992-ci ildən Zəngilan batalyonunda qulluq etmişəm. Malyatağı postunun komandiri olmuşam. 1993-cü ilin oktyabr ayında Zəngilan işğal ediləndə biz döyüşləri davam etdirirdik. Dinc əhalini İrana keçirdik ki, əsir düşməsinlər. Özümüz isə döyüşləri dayandırmadıq. Füzuli istiqamətindən yenidən hücuma keçdik. Daha sonra Zəngilan batalyonunun döyüşçüləri Goranboy istiqamətində bir yerə yığışdıq. Oradan əvvəlcə Pereküşkülə gəldik. Burda ulu öndər Heydər Əliyev bizimlə görüşdü. Görüş zamanı bizə çox inandığnı bildirdi. Keçirəcəyimiz əməliyyatın uğurla başa çatacağına əminlyini söylədi. Ulu Öndərin bizə olan etimadı döyüşçülərimizi çox ruhlandırdı. Və bundan sonra biz Horadiz əməliyyatını keçirdik”.
Döyüşçülərimizin bu əməliyyatı uğurla həyata keçirilir. Ənvər müəllim Zəngilan batalyonunun keçdiyi döyüş yolundan danışdı. Qeyd etdi ki, yeganə batalyon idi ki, Cocuq Mərcanlıya qədər döyüşərək bir çox əraziləri azad etdi:
“Bundan sonra biz Beyləqana gəldik. Orada silahlanaraq 100 nəfər döyüşçü Arazboyu Hordaizə qədər irəliləməyə başladıq. Zəngilan batalyonunun yarı hissəsi arxadan, yarı hissəsi qabaqdan hücuma keçdik. Horadizi azad etdik. Füzulidə 4 yol deyilən bir ərazi var idi ora qədər getdik. Sonra bizi qaytardılar Şükürbəyli-Seyidəhmədli istiqamətinə. Bir çox əraziləri azad etdik”.
Beləliklə, Horadiz əməliyyatı zamanı əsgər və zabitlərimiz öncədən düşmən mövqelərinin arxasına keçərək ermənilərin artilleriya sistemlərini (topları) ələ keçirərək artilleristləri məhv etmişdilər. 1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbə olur. Azərbaycan Ordusu bu uğura ümummilli lider Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, həmçinin döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub.
1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirilən uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilir. Hərbçilərimiz həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirərək öz gücünü göstərmiş oldu:
“Biz Horadiz əməliyyatında düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdik. Xeyli sayda döyüş texnikasını, silah-sursatını ələ keçirdik. Məhz bu uğurlu əməliyyatdan sonra düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu. Azərbaycanın üçrəngli bayrağının Horadizdə dalğalanması bizim qürurverici anımız idi”.
Ənvər müəllim 44 günlük Vətən müharibəsində də daim döyüşçülərimizn yanında olub. Onlara mənəvi dəstəyini əsirgəməyib. Deyir, döyüşçülərimizdə olan böyük ruh yüksəkliyi məni çox sevindirirdi. Onların döyüşlərdə göstərdiyi əzmkarlıq, qətiyyət, qəhrəmanlıq, cəsarət gənclərimizin vətənpərvər ruhda böyüməsinin göstəricisi idi:
“Gəclərimiz döyüşə qorxmadan, cəsarətlə, mərdliklə qatılmışdılar. Bu, bizi çox qürurlandırırdı. Onların qəhrəmanlıq nümayiş etdirərək daim irəliləməsi bizdə qələbəyə inamı çox yüksəltmişdi. Hərbçilərimizin döyüş qabiliyyəti onların hərb sahəsində bilikli, savadlı, bacarıqlı olmasını nümayiş etdirirdi. Bu da hər birimizdə fəxr hissini daha da artırırdı. Mən tez-tez döyüş bölgələrində olurdum. Qubadlı, Zəngilan istiqamətində döyüşlər gedərkən hərbçilətimizə mənəvi dəstək göstərirdim”.
Ənvər müəllim yaşadığı ərazidə uşaqdan böyüyə hər kəsin hörmət və ehtiramını qazanıb. Keçmiş hərbçini görən azyaşlıların belə dayanaraq ona hərbi salam verməsi bizi çox qürurllandırdı.
Ənvər Qarayev şəhidlərimizn xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı ərazidə şəhidlər bulağı da tikdirib. Bu gün hər kəs bulağın suyundan istifadə edərək şəhidlərimizin ruhuna dualar oxuyur.
Elnurə İSAXAN
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi