Hüquqi dövlətin əsas şərtlərindən biri vətəndaş cəmiyyətinin olmasıdır – Zaur İBRAHİMLİ
Hüquqi dövlətin formalaşmasında vətəndaş cəmiyyətinin inkişafının təmin edilməsinin xüsusi önəmi var. Müxtəlif sahələrdə öz fəaliyyət istiqamətini quran qeyri-hökumət təşkilatlarını, ictimai birlikləri, müxtəlif təşəbbüs qruplarını özündə birləşdirən vətəndaş cəmiyyəti dövlətin inkişafını göstərən əsas faktorlardandır. Bu səbəbdən də vətəndaş cəmiyyəti mütləq şəkildə düzgün formalaşmalı, inkişaf etməlidir. Çünki bu hüquqi dövlətin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı hər zaman xüsusi diqqət mərkəzində saxlanılaraq prioritetlər sırasında dayanıb. Ölkəmizdə qeyri-hökumət təşkilatlarının uğurlu və keyfiyyətli fəaliyyəti üçün lazımi tədbirlər həyata keçirilir. Hərtərəfli imkanlarının yaradılmasında onlara hər cür dəstək verilir.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli ilə söhbətimizi də vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində apardıq.
Hüquqi dövlətin formalaşmasında vətəndaş cəmiyyətinin rolu nədən ibarətdir?
Hüquqi dövlətin mövcud olması üçün ilk növbədə, cəmiyyətin özünün inkişaf dərəcəsi və cəmiyyətin özünün düşüncə tərzi demokratik qanunçuluq prinsipini hər şeydən üstün tutmalıdır. Yəni cəmiyyət qanunlarla idarə olunmağı bir yanaşma, dünyagörüş kimi qəbul etməlidir. Əsas təməl şərti bundan ibarətdir. İkincisi isə qeyd etdiyimiz kimi, inkişaf etmiş vətəndaş cəmiyyəti olmalıdır. Hansı ki, bu vətəndaş cəmiyyəti hüquqi dövlət institutlarının yaradılmasında aparıcı rola malikdir. Biz güclü vətəndaş cəmiyyətinə malik olduqda effektiv ictimai nəzarəti həyata keçirə bilirik. Eyni zamanda siyasi və dövlət institutlarının qanun çərçivəsində fəaliyətini monitorinq edirik. Həmçinin daha yaxşı idarə etmək üçün təkliflər və tövsiyələr verə bilirik. Yəni bu baxımdan hüquqi dövlətin əsas şərtlərindən biri də məhz vətəndaş cəmiyyətinin olmasıdır. Çünki vətəndaş cəmiyyəti konstitusion məhdudiyyətlərə əməl edilməsinə nəzarət edir. Konstitusion çərçivələrin gözlənilməsinə nəzarət edir.
Hüquqi dövlətin mövcudluğu üçün hansı şərtlər zəruri hesab olunur?
Hüquqi dövlət, siyasi hakimiyyətin elə təşkili formasıdır ki, bu zaman qanunun aliliyi təmin olunur. Eyni zamanda hakimiyyətin həyata keçirilməsi konstitusiya çərçivələri ilə müəyyən olunur, onunla məhdudlaşır və bütün hakimiyyət səlahiyyətləri məhz Konstitusiya ilə, qanunla müəyyənləşir. Eyni zamanda, hüquqi dövlətin əsas vəzifəsi əsasən hüquq və azadlıqlarının müdafiəsidir. Biz hüquqi dövlət deyəndə üç əlaməti nəzərdə tuta bilərik: Birincisi, qanunçuluq prinsipi hüquqi dövlətdə dövlət orqanları və vətəndaşların bütün hərəkətləri, o cümlədən hakimiyyətin həyata keçirilməsi səlahiyyətləri yalnız və yalnız xalqın iradəsinə söykənən qanunvericiliklə müəyyən olunur. İkincisi, əsas insan hüquq azadlıqlarının qorunmasıdır. Dövlətin ali məqsədi əsas insan hüquq və azadlarının qorunması, insanların rifahının təmin olunması və onların siyasi hüquqlar və vətəndaş hüquqları ilə yanaşı, eyni zamanda sosial, iqtisadi hüquqlarının təmin olunmasıdır. Üçüncü əsas sütun isə inkişaf etmiş vətəndaş cəmiyyətinin olması və vətəndaş cəmiyyətinin inkişafı üçün hərtərəfli şəraitin yaradılmasıdır. Bu zaman vətəndaş cəmiyyəti hüquqi dövlətdə ictimai nəzarət funksiyalarını həyata keçirir, ictimai maraqların müdafiəçisi kimi çıxış edir. Eyni zamanda vətəndaş cəmiyyəti və hüquqi dövlət ikili təbiətə malikdir. Birinci olaraq hüquqi dövlətin yaranmasında fəal aparıcı rola malikdir. Xüsusən qanunvericiliyin işlənməsində insan hüquq və azadlıqlarının standartlarının müəyyən olunmasında, ən yaxşı dövlət idarəçilik modellərinin müəyyən olunmasında vətəndaş cəmiyyəti əsas aparıcı qüvvə hesab olunur. İkincisi isə qanunlara riayət olunmasına, qanunvericiliyin əsas götürülməsinə nəzarət edir, ictimaiyyətin maraqlarını müdafiə edir. Bu zaman vətəndaş cəmiyyəti ictimai maraqları həm özəl sektora münasibətdə, həm də dövlətə münasibətdə müdafiə edir və beləliklə cəmiyyətin hormonik inkişafını təmin etmiş olur. Onu da qeyd edim ki, güclü vətəndaş cəmiyyəti güclü şəkildə ictimai maraqların müdafiəsidir. Və ictimai maraqların səmərəli, effektiv müdafiəsi cəmiyyətdə həm qanunçuluq prinsipinin təmin olunmasını həyata keçirir, eyni zamanda cəmiyyətdə kəskin sosial ziddiyyətlərin baş verməsinin qarşısını alır. Bu baxımdan vətəndaş cəmiyyəti hüquqi dövlətin əsas sütunlarından və onun effektiv işləməsi üçün əsas hərəkətverici qüvvələrindən biridir.
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin birgə vəhdət təşkil etməsi nə dərəcədə doğru hesab oluna bilər?
Hüquqi dövlət və vətəndaş cəmiyyəti bir-birindən asılı olan və eyni zamanda bir-birini ayaq üstə saxlayan iki sütundur. Çünki inkişaf etmiş vətəndaş cəmiyyəti yalnız hüquqi dövlətdə mümkündür. Eyni zamanda hüquqi dövlətdə yalnız vətəndaş cəmiyyətinin fəal rolu onun yüksək inkişaf səviyyəsi ilə qurula bilər. Yəni bu baxımdan bunlar qarşılıqlı vəhdətdədirlər və bir-birilərini şərtləndirirlər. Hüquqi dövlət qurmağa nail olmuş bütün cəmiyyətlər, eyni zamanda güclü vətəndaş cəmiyyətinə malikdirlər və güclü vətəndaş cəmiyyətinə malik olan cəmiyyətlər də hüquqi dövlət qurmaq potensialına malikdir. Belə bir qarşılıqlı asılılıq və qarşılıqlı əlaqə var. Həmçinin vətəndaş cəmiyyəti, həm də burada bir ideya generatoru kimi də çıxış edir. Yeni cəmiyyətin daha da irəli getməsi üçün yeni ideyaların irəli sürülməsi, qanunvericiliyin inkişafı, yeni baxışın, dünya görüşünün formalaşmasını təmin edir. Və ən vacib məsələlərdən biri də əhalinin hüquqi maarifləndirilməsidir. Vətəndaş cəmiyyəti əhalinin hüquqi maarifləndirilməsində böyük rola və əhəmiyyətli töhfəyə malikdir. Hüquqi dövlət o zaman dayanıqlı və hüquqi dövlətdəki təsisatlar o zaman effektiv olur ki, cəmiyyətin hüquqi düşüncəsi yüksək olsun, əhali hüquqi baxımdan savadlı olsun və eyni zamanda qanunlara münasibətdə də cəmiyyətdə səmimi münasibət yaransın. Bütün bunları isə vətəndaş cəmiyyəti həyata keçirir. Vətəndaş cəmiyyətinin belə çox mühüm xüsusi rolu vardır. Bir sözlə, vətəndaş cəmiyyətinin hüquqi dövlətin qurulmasında rolu kifayət qədər yüksəkdir. Vətəndaş cəmiyyəti dövlətin əsas dayaqlarından biridir.