Advertisment

Sən mənim yarımçıq qalmış hekayəmsən!

İllər ötüb keçir, zaman dəyişir. Bu zaman kəsiyində baş verən hadisələr tarixə dönür. Bəzi olaylar var ki, yaddan çıxır. Tarixin qaranlıq bir küncündə heç bir zaman vərəqlənməyərək qalır. Elə hadisələr də var ki, yaddaşlardan silinməyərək qəlblərdə əbədi məskən salır. Xoş xatirələrlə xatırlanıb, böyük ehtiram hissilə yad edilir.

Unudulmayan, hər an əvəzolunmaz xatirələrilə qəlbimizin dərinliyində böyük sevgilə anılan, öz qanları ilə dastan yazıb, torpaq uğrunda canlarından keçib, hər birimizin doğmasına çevrilmiş qəhrəmanlar şəhadətə ucalan vətənpəvər oğullarımızdır.

Ən uca zirvəni fəth edən cəsur oğullarımız həm kədərimiz, həm nisgilimizdir. Amma eyni zamanda qürurumuz, fəxrimizdirlər. Vətənpərvər, igid oğullarımız arasında adını əbədiyyətə yazdıran qəhrəmanlar sırasında onun da adı var.

Gizir Mütəllimov Qəzənfər Ədalət oğlu. Qəhrəmanım 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin 6 nömrəli məktəbində, 2008-2011-ci illərdə Abşeron rayon Ceyranbatan qəsəbəsi 147 saylı peşə liseyində təhsil alıb. 2011-ci il aprelin 25-də SHXÇDX Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər N hərbi hissəsində müddətli həqiqi hərbi xidmətin hərbi qulluqçusu kimi, manqa komandiri vəzifəsində xidmət edib. 2013-cü ilin aprel ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmətin hərbi qulluqçusu kursunu “Manqa komandiri” ixtisası üzrə bitirib və 2015-ci ilin dekabr ayına qədər N hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət edib. 2015-ci ilin yanvar ayından 2015-ci ilin mart ayınadək N hərbi hissəsində xüsusi təyinatlı taborun xüsusi təyinatlı kəşfiyyatçısı, 2015-ci ilin mart ayından 2018-ci ilin dekabr ayınadək N hərbi hissəsində kəşfiyyatçı, 2018-ci ilin dekabr ayından N hərbi hissəsində maddi texniki təminat bölüyünün təmir taqımında manqa komandiri vəzifəsində işləyib. 2020-ci il oktyabrın 5-i Cəbrayılda 8 nəfər döyüş yoldaşı ilə birgə şəhid olub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub.

Bu Qəzənfərin qısa olsa da şərəflə yaşadığı ömür yoluna baxış idi. Çox mərd, vətənpərvər, vətənin müdafiəsini hər zaman öndə tutan cəsur Azərbaycan vətəndaşı olub Qəzənfər Mütəllimov. Yaxınlarının, doğmalarının, onu tanıyanların yaddaşında belə qalıb igid döyüşçümüz.

Həyat yoldaşı Zöhrə xanıma Qəzənfərlə bağlı xatirələrindən danışmaq çox çətin idi:

“Qəzənfər çox ailəcanlı, mehriban, qəlbi təmiz, zarafatcıl, xoşxasiyyət bir insan idi. Taleyimi Qəzənfər kimi birisi ilə birləşdirdiyi üçün hər gün Allahıma şükür edirdim. Kaş ki, birgə günlərimiz daha çox olardı Qəzənfərlə. Çox zarafatcıl, dürüst, qəlbi təmiz, köməyə ehtiyacı olana əl tutan, xeyirxah insan idi Qəzənfər”.

Zöhrə xanım deyir, insanlığa xas olan xüsusiyyətlərin hamısı Qəzənfərdə cəmləşmişdi:

“Bu xüsusiyyətlərə görə hamı onu sevər, ona hörmətlə yanaşardı. Ailəsini həmişə öz halal zəhməti ilə dolandırardı. Onun ömür yolu qısa olsa da, şərəflidir. Şərəflə yaşadı və şərəflə də bu dünyadan köçdü. Balalarının qəhrəman atasıdır Qəzənfər. Belə bir ataları olduğu üçün qızlarım hər zaman qürurlu, alnıaçıq və məğrur olacaqlar”.

Aprel döyüşləri başlayanda Qəzənfər Talış kəndi istiqamətində vuruşur:

“Bir neçə gün ondan xəbər çıxmamışdı. Hamı elə bilmişdi ki, şəhid olub. Döyüşdən 4 gün sonra 4 nəfər döyüş yoldaşı ilə birgə, hərəsinin də çiynində bir yaralı, muhasirəni yarıb keçmişdilər”.

2020-ci il avqustun 29-u idi. Qəzənfər təlimlərdən sonra evə gəlir. Ailəsindən müharibəyə gedəcəyini gizlədir və sentyabrda yenə təlimlərin başlayacağını deyir. Zöhrə xanım bundan narahat olur. Sanki ürəyinə nəsə damır:

“Dedim: “Bu il nə çox təlim keçirirlər sizinlə. Təzə gəlmisən evə”. “Hər şey yaxşı olacaq” – dedi – “Oktyabrda məzuniyyətə çıxacağam”. Sentyabrın 25-i müharibəyə yola düşdüyünü məndən gizlətdi: “Beyləqana təlimə gedirəm”. Səhər telefonun zəngli saatı çalındı. “Zöhrə, yola sal məni” – deyə məni oyatdı. Onu yola salanda elə bilirdim təlimə gedir. Evə dönəcək. Tez-tez təlimlərə gedirdi, artıq alışmşdım. Nə biləydim ki, bu dəfə təlim adı ilə müharibəyə yola düşür”.

Zöhrə xanım ömür-gün yoldaşını son dəfə gördüyünü həmin an ağlına belə gətirməmişdi. Deyir, bilsəydim, yarımçıq qalmış suallarıma cavab istərdim ondan:

“Bilsəydim, qapının acarını gizlədərdim. Yola düşürdü, qapının ağzında dayandı. Diqqətlə üzümə baxdı. Baxışlarında nigarançılıq var idi. Pilləkənləri düşəndə su atdım arxasınca. Dedim: “Sağ-salamat get, gəl”. Bu sözlərimi eşidib başını qaldırdı, üzümə baxdı. Heç nə demədi, başını yellədi, sual dolu baxışlarla mənə baxıb getdi...”.

Qəzənfər mehribanlığı, dürüstlüyü, mərdliyi ilə döyüş yoldaşlarının sevgisini qazanan qəhrəmanlarımızdan olub:

“Qəzənfərin döyüş yoldaşları onun qəhrəmanlığından, müharibədə göstərdiyi şücaətindən, igidliyindən danışırlar həmişə. Gözündə qorxu yox idi deyirlər. Çevikliyinə, göstərdiyi igidliklərinə görə Qəzənfəri “Pələng” deyə çağırarmışlar. Qəzənfər öz döyüşçü yoldaşlarına “qardaş” deyərdi və bu sözünə görə hətta töhmət də almışdı. Yüksək rütbəli zabitlə sözləşmişdi ki, döyüş yoldaşlarım mənim qardaşlarımdır, mən onlari rütbə ilə deyil, “qardaş” deyərək çağıracağam”.

Qəzənfər Mütəllimov bölüyün pulemyot-manqa komandiri olub:

“Tabor komandiri bəzi xüsusi xidmətləri ona həvalə edərdi. Döyüş dostlarının dediyinə görə, bütün taborda adla tanınırdı. Hörmətini kişiliyi ilə qazanmışdı. Zəifi əzən insan deyildi, hətta təkbaşına 157 kq ağırlığı olan DŞK pulemyotunu çiyninə ala bilirdi. Vətən müharibəsində nə qədər canlar xilas edib, neçə-neçə döyüş yoldaşlarını agır vəziyyətdə ölümdən qurtarıb. Qəzənfər həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində düşmənin çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv edib. Deyirlər, düşmən Qəzənfərin başına pul mükafatı qoyubmuş”.

Ardı var...

Elnurə İSAXAN

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi