Advertisment

Adət və ənənələr hər bir gəncin tərbiyəsində güclü təsir rolunu oynayır

Dövlətin və xalqın var olması üçün ilk növbədə, dövlətçilik ənənələrinin, elm və mədəniyyətinin, eləcə də milli dəyərlərinin qorunması vacib şərtlərdəndir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da zəngin milli, əxlaqi və mənəvi dəyərlər sisteminə malik olmaqla bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Xalqımız özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb etməyi bacarıb.

Azərbaycanın dövlətçilik tarixi, elm və mədəniyyəti hər zaman uğurla təbliğ edilib. Və bu, əlbəttə ki, hamımız üçün sevindirici haldır. Burada xüsusi məqamlardan biri də milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilməsidir. Bu da təbii ki, hər kəsi daha da ruhlandırır.

"Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir", deyə bəyan edən ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizə, elm-mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə bizim neçə bağlılığımızı göstərib. Həmçinin Ulu Öndər bu fikirləri qeyd etməklə dövlətçilik ənənələrimizə, elm və mədəniyyətimizə, adət-ənənələrimizə dövlət səviyyəsində yüksək qiymət verildiyini bir daha diqqətə çatdırıb. 

Onu da qetd etmək mütləqdir ki, min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən adət və ənənələrimiz millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz mənəvi bağlılığı əks etdirir.

Ulu öndər Heydər Əliyev: “Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar və bu, bizim adət və ənənələrimizdir” – fikirlərini bəyan edərək adət və ənənələrimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın-dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini göstərir. Müdrik dövlət xadimi hər zaman mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşıb. Dahi şəxsiyyət milli dövlətçiliyin milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdə olduğunu bilirdi. Bu səbəbdən də Ulu Öndər gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu dönə-dönə vurğulayırdı. Unutmamalıyıq ki, adət və ənənələr hər bir gəncin tərbiyəsində güclü təsir rolunu oynayır. Bu da onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıyır. Adət və ənənələr mənəvi baxımdan nə qədər zəngin olsa, bundan bəhrələnən gənclər də cəmiyyət üçün xeyirli şəxs kimi yetişər. Mənəviyyatı, əxlaqı düzgün olan gənc də dövlətin daha da güclü olmasına öz töhfəsini verər.

Prezident İlham Əliyev gənclərlə görüşü zamanı milli-mənəvi dəyərlərin önəmini belə ifadə etmişdi:

“Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”.

Bu gün də Azərbaycanda milli adət-ənənə dövlət səviyyəsində qorunur. Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində bu istiqamətdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər görüldü. Beləki, dövlətçilik ənənələri, milli ənənələri nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edildi. Və bu yeniliklər uğurlar qazanmağımızda önəmli rol oynadı. Sevindirici haldır ki, Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib. Və etibarlı tərəfdaş kimi də özünü təsdiq etməyi bacarıb. Həmçinin dünyaya inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib. Əlbəttə ki, bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını özündə əks etdirən mühüm faktorlar dayanır.

Prezident İlham Əliyev Azərbaycanın milli dəyərlərə, mədəniyyətə əsaslanaraq inkişaf edən müasir, dünyaya açıq ölkə olduğunu diqqətə çatdıraraq demişdir: “Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq”.

Müstəqillik tarixində Azərbaycan bir çox uğurlara imza atıb ki, onların da başında Qarabağ müharibəsində əldə olunan qələbə dayanır. Biz 44 günlük Vətən müharibəsində vətəndaşlarımızın vətən uğrunda, ali dəyərlər naminə necə mübarizə apardığını gördük. Və xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliğinin çox vacib məqam olduğuna bir daha əmin olduq.

Bəli, Azərbaycan qısa müddət ərzində güclənərək işğal altında olan torpaqlarını azad etdi. Və bu gün Azərbaycanın regionun ən güclü ölkə olması danılmaz bir faktdır. Qazanılan qələbəyə qədər isə ölkəmiz iqtisadi, siyasi, hərbi, diplomatik və digər sahələrdə inkişafa nail oldu. Bu illər ərzində ölkəmiz böyük iqtisadi layihələrə imza atdı. Eyni zamanda hərbi sənayesini genişləndirdi və dünya gücləri ilə münasibət qurmağı bacardı. Və bu gün biz Azərbaycanın dünyanın diqqətində olan təhlükəsiz ölkəyə çevrildiyinin şahidiyik. Əlbəttə ki, bu uğurlar milli-mənəvi dəyərlərin qorunması, güclü təbliğ olunması və  inkişafı hesabına əldə olunan nəticələrdir.

Elnurə İSAXAN